Qusar rayon Mərkəzi kitabxanası

Qusar rayon MKS
Xəbərlər
12 Sentyabr , 2016

Dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, bu məkan rayon sakinlərinin və Qusara gələn qonaqların ən sevimli istirahət yerlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun tikintisi layihəsi barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla, 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir. Ümumilikdə 200 min kvadratmetr sahəyə 2 qat asfalt-beton örtüyü döşənib. Yenidənqurma zamanı yağış sularının axıdılması üçün 57 suötürücü boru tikilib, mövcud borular və su keçidləri bərpa olunub. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 kilometr uzunluğunda beton küvetlər və 500 metr uzunluğunda beton arxlar tikilib, həmin kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədilə 200 metrdən çox istinad divarları inşa edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min poqonmetr uzunluğunda, 1,5 metr enində yeni səkilər tikilib. Bundan başqa, İmamqulukənd kanalı üzərində 9,6 metr uzunluğunda və 4 metr enində yeni körpü, Gündüzqala kənd körpüsündə isə 184 metr uzunluğunda sutənzimləyici qurğular quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədilə zəruri yerlərdə 980 yol təhlükəsizlik dirəyi, 197 müxtəlif yol nişanları və 24 göstərici lövhə quraşdırılıb, piyada zolaqları və 61 min 750 metr üfüqi nişanlama xətləri çəkilib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub. Beləliklə, bu yolun istifadəyə verilməsi ilə nəinki Qusarın, eləcə də regionun iqtisadi potensialı daha da artır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də Qusar rayonunun Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib.

Dövlət başçısı məktəbin binasının əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxıb.

Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

Təhsil naziri Mikayıl Cabbarov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Hil kənd tam orta məktəbinin təməli 1928-ci ildə qoyulub və ilk vaxtlar kəndli Gənclər Məktəbi kimi fəaliyyət göstərib. Bu təhsil ocağının məzunu, fizika-riyaziyyat elmləri doktoru professor Kərim Kərimovun adını daşıyan məktəb üçün 1973-cü ildə 14 sinif otağından ibarət ikimərtəbəli bina tikilib. Lakin şagirdlərin sayı çox olduğundan iki növbədə fəaliyyət göstərən məktəbin darısqal binası uzun illər təmir olunmadığına görə qəzalı vəziyyətə düşmüşdü.

İndi Hil kəndində ən müasir tələblərə cavab verən yeni bina tikilib.

Məktəbin binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qusar rayonuna səfərləri, həmçinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend yaradılıb. Yeni üçmərtəbəli məktəb binasının inşasına 2015-ci ilin fevral ayında başlanılıb və 2016-cı ilin iyulunda tikinti-quraşdırma işləri tam başa çatdırılıb. Bu təhsil ocağı 720 şagird yerlikdir. Burada ümumilikdə 30 sinif otağı var. Otaqların hamısı zəruri dərs ləvazimatı ilə təmin edilib. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 61 müəllim məşğul olur. Bu təhsil ocağı öz məzunları ilə fəxr edir. Hazırda məktəbin yetirmələrindən 4 nəfər elmlər doktoru, 6 nəfər elmlər namizədi var. Məktəbin 2 fizika, 2 kimya, 2 biologiya laboratoriyası var. Laboratoriyaların hamısı müasir avadanlıqla təchiz edilib. Məktəbin 2 əmək təlimi otağı, zəngin kitabxanası, 350 yerlik akt zalı, idman zalı, 92 yerlik yeməkxanası da var. Məktəbdə videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Binanın istiliklə təmin olunması üçün təbii qazla işləyən qazanxana, 250 kilovoltluq transformator yarımstansiyası tikilib, artezian quyusu qazılıb. Həmçinin 100 kubmetrlik içməli və 100 kubmetrlik yanğın əleyhinə ehtiyat su anbarları, açıq idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb.

Məktəblə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzulayıb.

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi başa çatıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

Respublikanın hər yerində əhalinin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr icra olunur. Görülən işlər arasında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması əsas yer tutur. Bu baxımdan Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi də mühüm əhəmiyyətə malikdir. Qusar rayonunda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına Qusar-Quba kanalizasiya kollektorunun tikintisi də tamamlanıb. “Şahdağ” Qış-Yay Turizm Kompleksinin və Qusar şəhərinin tullantı sularının Quba-Xaçmaz kollektoruna ötürülməsi məqsədilə 27,2 kilometr uzunluğunda kanalizasiya kollektoru qısa müddətdə tikilərək istismara verilib. Kollektorun 7,6 kilometrlik hissəsi 1000, 19,6 kilometrlik hissəsi isə 800 millimetrlik borulardan inşa olunub. Bu layihələrin icrası Qusar sakinlərinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmaqla yanaşı, ətraf mühitin ekoloji tarazlığının qorunmasına imkan verib.

 

Azərsu ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına layihə barədə məlumat verdi. Qeyd olundu ki, layihə çərçivəsində Qusar Sukanal İdarəsi üçün 472 kvadratmetr sahəsi olan yeni inzibati bina tikilib. Binada xidməti otaqlar, iclas zalı, zəng mərkəzi, anbar, informasiya texnologiyaları otağı, digər xidməti və yardımçı otaqlar yaradılıb.

Bildirildi ki, bu layihə Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində həyata keçirilib. Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda, layihə çərçivəsində Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanılıb. Layihənin birinci mərhələsində Qusar şəhərini və 10 kəndi keyfiyyətli içməli su ilə təmin etmək üçün Qusarçayın məcrasında məhsuldarlığı saniyədə 102 litr və ya sutkada 8800 kubmetr olan drenaj tipli suqəbuledici qurğu tikilib, su mənbəyindən şəhərə qədər 17,4 kilometr uzunluğunda magistral kəmər çəkilib. Şəhərin dayanıqlı su təchizatını təmin etmək məqsədilə ümumi tutumu 3 min kubmetr olan 3 su anbarı tikilib və bu anbarlar arasında 2,8 kilometr uzunluğunda su xətləri çəkilib, yeni xlorator binası inşa olunub. Layihənin ikinci mərhələsində isə Qusar şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçirilib. Bu işlər çərçivəsində 106 kilometr içməli su şəbəkəsi yaradılıb, abonentlərə ev birləşmələri verilib, yanğın hidrantları quraşdırılıb. İçməli su şəbəkəsi ilə paralel olaraq, şəhərin kanalizasiya sistemləri də müasir standartlar səviyyəsində yenidən qurulub, 105 kilometr uzunluğunda şəhərdaxili şəbəkə qurulub. Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 70 min kubmetr layihələndirilən tullantı sutəmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcək. Bu qurğuda, həmçinin Quba və Xaçmaz şəhərlərinin də tullantı suları emal olunacaq.

Dövlət başçısına məlumat verildi ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində ölkəmizin 5 şəhərində - Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalanda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulub. Artıq Naftalan şəhərində su və kanalizasiya şəbəkələrinin tikintisi tam başa çatıb, hazırda tullantı sutəmizləyici qurğunun inşasına hazırlıq işləri görülür. Qobustan, Xaçmaz və Xızı şəhərlərində isə içməli su və kanalizasiya sistemlərinin inşası təsdiqlənmiş qrafikə uyğun davam etdirilir.

Sonra Prezident İlham Əliyev layihənin işə salınmasını bildirən düyməni basıb.

Dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

Foto Qalereya